Milyarderlər nə oxuyur? | Uorren Baffetin siyahısı
Con Bruks. “Biznez-macəra. Uoll-Stritdən 12 klassik hekayə”
Vaxtilə Uorren Baffet bu əsəri oxumaq üçün kitab istəyən Bill Qeytsə hədiyyə etmişdi. Yazıçı və “The New Yorker” jurnalının əməkdaşı Con Bruks bu kitabı hələ 1969-cu ildə nəşr etdirmişdi. Amma dövr dəyişsə də, orada təsvir olunan hadisələrin mahiyyəti və biznesin aparılması prinsipləri dəyişməyib. Kitabda toplanan 12 əhvalatda iş adamlarının yol verdikləri klassik səhvlər təsvir olunur və mümkün doğru qərarlar göstərilir. Yeni başlayan sahibkarlar gəmilərini sualtı qayalarq çırpmamaq üçün bu kitabdan naviqator kimi istifadə edə bilərlər.
Bencamin Qrehem. “Ağıllı sərmayədar”
Dünyanın ən ağıllı sərmayədarların biri təbii ki, digərinin klassikaya çevrilmiş kitabını bəyənməyə bilməz. Qrehemi boşuna “sərmayənin atası” adlandırmırlar. O, birjada çalışmaq istəyənlər üçün ən dərin və ətraflı kitablardan birini yazıb. “Əlahəzrət bazar” ifadəsi də məhz Qrehemə məxsusdur. Onu əsas ideyasına görə, dəyişkən bazarı tam şəkildə proqnozlaşdırmaq mümkün deyil. Yaxşı investor bazarın yüksəliş və çöküşlərini əvvəlcədən proqnozlaşdırmağı bacaran şəxs deyil. Yaxşı investor – istənilən vəziyyətdə xeyir götürməyi bacaran şəxsdir. Kitabda bunun yolları göstərilir.
Qeyd edək ki, kitabı Azərbaycan dilnə tanınmış jurnalist Arzu Qazıyeva tərcümə edib.
Bencamin Qrehem və Devid L. Dodd. “Qiymətli kağızların təhlili”
Sərmayədarların “Bibliya”sı sayılan əsərlərdən biri də budur. Bu kitab “Ağıllı sərmayədar”ı oxuyandan sonra məslənin dərinliyinə daha çox enmək istəyənlər üçün yazılıb. Müəlliflər səhmlərin qiymətinin formalaşmasını izah edir, daha gəlirli və təhlükəsiz qiymətli kağızları almağın yollarını başa salırlar. Kitabda maliyyə analitiklərinə verilən tövsiyələr hələ də aktuallığını saxlayır. Baffetin sözlərinə görə, birjanı əsas iş yeri kimi görənlərin stolüstü kitabı olmalıdır.
Uilyam Torndayk. “Ən yaxşı СЕО-ların üsulları”
Baffet şirkət idarə edən və etməyə hazırlaşanlara bu kitabı oxumağı məsləhət görür. Onun fikrincə, kitab idarəçilərə əsl lider olmağın yollarını başa salır. Orada öz sahəsində ən yüksəyə qalxmağı bacarmış şəxslərin həyat dərsləri toplanıb. Harvard məzunu və iş adamı olan müəllif kitabı yazmaqdan əvvəl geniş araşdırma aparıb və səkkiz şirkətin tarixçəsini dərindən öyrənib.
Samir Quliyev
Şəkil Sİ vasitəsilə yaradılıb
AzVision.az
Teqlər: Kitab Uorren-Baffet







Vaxtında, Aydın, Lazımlı!


